Həvəskar Astronomlar Cəmiyyəti ilk Aerokosmik Konfransda iştirak edib

12 aprel 2026-cı il tarixində Bakı şəhərində yerləşən INNOLAND Inkubasiya və Akselerasiya Mərkəzində Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin təşəbbüsü ilə “Kosmik Vətən” adlı ilk Aerokosmik Konfrans keçirilib.

Həvəskar Astronomlar Cəmiyyəti (HAC) konfransda fəal iştirak edib. Tədbir çərçivəsində ölkəmizdə aerokosmik sahədə fəaliyyət göstərən federasiyalar, ictimai birliklər, cəmiyyətlər, inkişaf mərkəzləri, klublar və komandalar bir araya gələrək mövcud vəziyyəti təhlil edib, gələcək inkişaf istiqamətlərini müzakirə ediblər.

Konfransda HAC nümayəndələri cəmiyyətin fəaliyyət istiqamətləri və bu günə qədər həyata keçirdiyi layihələr barədə məlumat veriblər. Müzakirələr zamanı qurumlararası əməkdaşlığın genişləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Tədbirin əsas müzakirə mövzularından biri cari ildə Azərbaycanda keçiriləcək IV Aerokosmik Modelçilik Festivalı olub. Bildirilib ki, festival bu il Qarabağ iqtisadi rayonunda təşkil ediləcək və yarışlar 12 kateqoriya üzrə keçiriləcək. Həmçinin bu il ilk dəfə “Naqilsiz Rabitə” yarışının keçiriləcəyi elan edilib.

Konfransın yekununda “Kosmik Vətən” anlayışının əhəmiyyəti bir daha vurğulanıb. Qeyd edilib ki, bu anlayış yalnız emosional çağırış deyil, milli təhlükəsizlik və funksional suverenliyin təmin olunması baxımından strateji zərurətdir.

Həvəskar Astronomlar Cəmiyyəti gələcəkdə də aerokosmik sahədə əməkdaşlığın inkişaf etdirilməsi və gənclərin bu sahəyə cəlb olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

Tədbirlərimiz