14 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Azərbaycanda Astronomiya Təhsilinin Təşviqi” layihəsi çərçivəsində “Astronomiya Olimpiadaları: Məsələlər və onların həlləri” kitabının təqdimat mərasimi keçirildi. Tədbir Park Bulvar Ticarət Mərkəzində yerləşən Tusi-Bohm Planetariumunda baş tutdu.
Tədbirin açılışında layihə rəhbəri Nağıyev Faiq çıxış edərək layihənin məqsədləri və qrant çərçivəsində həyata keçirilən fəaliyyətlər barədə məlumat verdi. O qeyd etdi ki, layihənin əsas məqsədi astronomiya sahəsində təhsilin inkişaf etdirilməsi, məktəblilər və tələbələr üçün keyfiyyətli azərbaycandilli tədris resurslarının yaradılmasıdır.
Kitab barədə təqdimatla Tusi-Bohm Planetariumunun direktoru və Azərbaycan Astronomiya Olimpiadasının təşkilatçısı Famil Mustafa çıxış etdi. O vurğuladı ki, bu nəşr artan maraq fonunda olimpiada iştirakçıları üçün mühüm və zəruri vəsaitdir.
Kitabın tərcümə və elmi redaktə prosesində Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları ilə yanaşı Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının alimləri də iştirak etmişdir. Onlar çıxışlarında tərcümə prosesi, terminoloji uyğunluq və elmi redaktə zamanı qarşılaşılan maraqlı məqamlar barədə danışdılar.
Tədbirin təşkili və keçirilməsində Bakı Dövlət Universitetində fəaliyyət göstərən astronomiya dərnəyinin üzvləri fəal iştirak etdilər. Təqdimatın sonunda iştirakçılar planetarium zalında nümayiş olunan elmi-populyar filmi izlədilər və xatirə şəkli çəkdirdilər.












































