Astro-kəşf ilə dolu festival: 1 iyun tədbirində iştirak etdik. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

Astro-kəşf ilə dolu festival

01.06.2025

2025-ci il 1 iyun tarixində — Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə — Bakı şəhərində dövlət dəstəyi ilə keçirilən genişmiqyaslı festivalda Bakı Dövlət Universitetinin və Həvəskar Astronomlar Cəmiyyətinin nümayəndələri birgə şəkildə iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən “Azərbaycanda Astronomiya Təhsilinin Təşviqi” adlı layihə çərçivəsində həyata keçirildi.

Festival çərçivəsində Bakı Dövlət Universitetinin Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin tərkibində fəaliyyət göstərən astronomiya dərnəyinin üzvləri, alimlər və mütəxəssislər uşaqlar üçün xüsusi olaraq təşkil olunmuş astro-düşərgədə fəal iştirak etdilər. Tədbir dörd saatdan artıq davam etdi və iştirakçıların sayı gözləniləndən xeyli çox oldu.

Təkcə astronomiya bölməsində 500-dən çox uşaq teleskoplar vasitəsilə Günəşi və digər səma cisimlərini müşahidə etdi, astronomiya ilə bağlı maraqlı elmi izahlar aldı. Eyni zamanda, uşaqlar üçün maarifləndirici viktorinalar, interaktiv oyunlar və elmi söhbətlər təşkil olundu ki, bu da onların elmə olan marağının formalaşmasına mühüm töhfə verdi.

Bu festival Bakı Dövlət Universitetinin elmi-maarifləndirici fəaliyyətinin geniş ictimaiyyətə çatdırılması, uşaqlar arasında astronomiya elminin populyarlaşdırılması və gənc nəslin elmi düşüncə tərzinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb etdi. Tədbir həm layihənin məqsədlərinə uyğunluğu, həm də cəmiyyətlə elm arasında körpü rolunu oynaması baxımından uğurlu və məhsuldar oldu.

Tədbirlərimiz