19 oktyabr tarixində Xankəndi şəhərində QHT-lərin Forumu çərçivəsində “Həvəskar Astronomlar Cəmiyyəti” ictimai birliyi tərəfindən astronomik müşahidə tədbiri təşkil olunub. Tədbir zamanı şəhərin mərkəzində quraşdırılmış teleskoplar vasitəsilə Forum iştirakçılarına Günəş sisteminin ən möhtəşəm planetlərindən biri sayılan Saturn nümayiş etdirilib.
Saturn — halqaları ilə tanınan, bənzərsiz gözəlliyə malik planet kimi tez-tez “Günəş sisteminin incisi” adlandırılır. Bu müşahidə isə Qarabağ səmasında həyata keçirilən ilk açıq kosmik müşahidə kimi tarixə düşüb.
Forum iştirakçıları təkcə teleskop vasitəsilə Saturnu müşahidə etməklə kifayətlənməyib, eyni zamanda kosmos haqqında elmi məlumatlar əldə edib, maraqlandıran suallarını səsləndiriblər. Həvəskar Astronomlar Cəmiyyəti üzvləri müşahidə zamanı iştirakçılara astronomiyanın əsas prinsipləri, kainatın quruluşu və planetlərin xüsusiyyətləri barədə ətraflı məlumat veriblər.
Keçmişdə Qarabağ ərazisində astronomiya və kosmosun öyrənilməsi məqsədilə müxtəlif elmi ekspedisiyalar və tədqiqatlar aparılıb. İndi isə, torpaqlarımızın azad olunmasından sonra bu ənənə yenidən bərpa olunur. HAC tərəfindən həyata keçirilən bu təşəbbüs — Azərbaycanın müxtəlif bölgələrində elmə marağın artırılması və astronomiya mədəniyyətinin genişləndirilməsi istiqamətində atılan növbəti addım olmaqla yanaşı, Qarabağ səmasında yeni kosmik dövrün başlanğıcını simvolizə edir.