Azərbaycanlı astrofizik, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı, Tusi-Bohm Planetariumunun direktoru və ölkəmizdə astronomiyanın əsas təbliğatçısı Famil Mustafa hazırda ABŞ-da, NASA-nın Goddard Kosmik Uçuş Mərkəzində elmi tədqiqat fəaliyyətini davam etdirir. O, beynəlxalq SCOSTEP Visiting Scholar (SVS) proqramı çərçivəsində NASA-da elmi araşdırmalara cəlb olunub.

Famil Mustafa təkcə beynəlxalq miqyasda tanınan bir alim deyil, həm də “Həvəskar Astronomlar Cəmiyyəti” ictimai birliyinin həmtəsisçisidir. O, uzun illərdir həm elmi tədqiqat, həm də Azərbaycanda astronomiyanın kütləviləşdirilməsi və cəmiyyətə sevdirilməsi sahəsində fədakarcasına çalışır. Müxtəlif beynəlxalq proqramların iştirakçısı olmaqla yanaşı, Azərbaycan Astronomiya Olimpiadasının baş təşkilatçısıdır.

Alimimizin NASA-dakı tədqiqatının əsas mövzusu Günəşdə baş verən tac kütlə atılmaları (CME) və onların Yerə təsiri, xüsusilə geomaqnit fəallıqla əlaqəsinin öyrənilməsidir. Layihə çərçivəsində Günəş aktivliyini xarakterizə edən yeni göstəricilərin hazırlanması, bu göstəricilərin geomaqnit indeksləri ilə müqayisəsi və kosmik hava hadisələrinin proqnozlaşdırılması istiqamətində elmi işlər aparılır.

“Həvəskar Astronomlar Cəmiyyəti” olaraq, həmkarımız və həmtəsisçimiz olan belə bir alimlə fəxr edirik. Bu fəaliyyət həm onun fərdi uğuru, həm də Azərbaycan astronomiya elminin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

Famil Mustafaya NASA-da həyata keçirdiyi bu mühüm missiyada, eləcə də ölkəmizin Günəş-Yer əlaqələri və kosmik hava sahəsində beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə verdiyi töhfələrdə bol şans, uğurlar və yeni elmi nailiyyətlər arzulayırıq!

Azərbaycanlı astronom NASA-da elmi tədqiqat aparır. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

Tədbirlərimiz