VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək 

Fevralın 1-də ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim mərhələsi keçiriləcək. 

Olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır. Olimpiadanın təşkilatçıları Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Respublikasının Təhsil İnstitutu, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyidir.

Olimpiadanın onlayn mərhələsində uğur qazanan məktəblilər BDU-da keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar. Qaliblər medal və hədiyyələrlə mükafatlandırılacaq və bu il 25 sentyabr 5 oktyabr tarixlərində Vyetnamda keçiriləcək XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar. 

Olimpiadaya hazırlıq dərsləri BDU və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən universitetdə və mərkəzdə təşkil olunacaq. Bundan əlavə, beynəlxalq olimpiadaya seçilmiş komanda üzvləri üçün Şamaxı Astrofizika Rəsədxanasında birhəftəlik yay düşərgəsi təşkil ediləcək. “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyi isə məktəblilərə teleskoplardan istifadə qaydaları ilə bağlı təlimlər keçəcək.Komandanın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı Azərbaycan Respublikası Təhsil İnstitunun dəstəyilə baş tutur. 

VI Azərbaycan Astronomiya Olimpiadası və XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.

Olimpiadada iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

www.oxuyan.az/@aao 

Qeydiyyat

31 yanvar saat 23:59-a qədər davam edəcək. 

Olimpiada 

1 fevral saat 11:00-da
www.oxuyan.az onlayn imtahan platforması üzərindən aparılacaq.

Olimpiada