Burada ideyanın keyfiyyətinə dəyər verilir — NASA-da çalışan azərbaycanlı alimlə MÜSAHİBƏ

Biz adətən NASA-nı Hollivud filmlərindən tanıyırıq: geri sayma, kosmik gəmilər və dünyanı xilas edən alimlər… Düzünü desək, bir azərbaycanlı alimin bu gün NASA-da dünyanın ən kritik kosmik araşdırmaların mərkəzində olması bizə ancaq filmlərdəki o məşhur kadrları xatırladır. Amma Famil Mustafa üçün bu nə filmdir, nə də uzaq bir xəyal. Bu onun gündəlik iş rejimidir.
Azərbaycanlı astrofizik, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı və Tusi-Bohm Planetariumunun direktoru Famil Mustafa hazırda ABŞ-də NASA-nın “Goddard” Kosmik Uçuş Mərkəzində elmi-tədqiqat fəaliyyətini davam etdirir.
Onunla söhbətimizdə həm kosmik hava risklərini, həm NASA-dakı elmi mühiti, həm də Azərbaycanın bu sahədəki yerini müzakirə etdik.
“Müəllimimin dərsləri, astronomiyanı izah etmə tərzi məndə bu elmə xüsusi maraq oyatdı”
– Famil bəy, əvvəlcə sizi tanıyaq… Neçə ildir ki, bu sahədəsiniz?
– Bakı Dövlət Universitetində “Fizika” ixtisası üzrə bakalavr, “Astrofizika” ixtisası üzrə magistr təhsili almışam. 2003-cü ildən etibarən Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında çalışıram. Bununla yanaşı, müxtəlif illərdə Bolqarıstan Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunda, Boğaziçi Universitetinin Kandilli Rəsədxanasında və Belçikanın Leuven Katolik Universitetində elmi fəaliyyətlə məşğul olmuşam. Eyni zamanda Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində astronomiya dərnək rəhbəri, Xəzər Universitetində müəllim kimi çalışıram. Azərbaycan Astronomiya Olimpiadasının təşkilatçılarından biri və Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan komandasının həmrəhbəriyəm. Həmçinin Tusi-Bohm Planetariumunun rəhbəri və “Həvəskar Astronomlar Cəmiyyəti” İB -nin həmtəsisçisi kimi astronomiyanın təbliği və gənclər arasında bu sahəyə marağın artırılması istiqamətində fəaliyyət göstərirəm. 2020-ci ildən Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili Ofisinin ölkə nümayəndəsiyəm.

– Astrofizika sahəsinə marağınız necə yaranıb?
– Məndə astronomiyaya maraq tələbəlik illərində formalaşıb. BDU-da bakalavr təhsili alarkən müəllimim Rəhim Hüseynov bu sahəni mənə sevdirən əsas insanlardan biri olub. Onun dərsləri, yanaşması və astronomiyanı izah etmə tərzi məndə bu elmə xüsusi maraq oyatdı. Məhz bunun nəticəsində gələcək ixtisas seçimimdə astrofizikanı seçdim. Deyə bilərəm ki, bu sahəyə gəlməyimdə Rəhim müəllimin xüsusi rolu olub.
“Beynəlxalq elmi mühitdə yer almaq üçün təkcə bilik kifayət etmir”
– NASA-ya gedən yolda sizin üçün ən çətin mərhələ nə olub və sizi ora aparan əsas bacarıq hansı idi?
– Açığı, bu yolu hansısa ani uğur kimi yox, uzun illərin zəhməti və axtarışlarının nəticəsi kimi görürəm. Məncə, burada ən vacib məsələ insanın sənətini, işini, həqiqətən, sevməsidir. Çünki sevdiyin sahədə insan daha səbirli olur, çətinlikdən qorxmur və qarşısına çıxan maneələri də yolun bir hissəsi kimi qəbul edir.
Beynəlxalq elmi mühitdə yer almaq üçün təkcə bilik kifayət etmir. Uzun illər ardıcıl çalışmaq, nəticə ortaya qoymaq, özünü elmi işinlə təsdiqləmək lazımdır. Fərqli ölkələrdə işləmək, müxtəlif elmi məktəblərlə tanış olmaq və yeni elmi mühitə uyğunlaşmaq da bu yolun vacib hissəsidir. Mənim üçün bu yolda peşəkarlıq, əməkdaşlığa açıq olmaq və ən əsası gördüyüm işi ürəkdən sevmək həlledici rol oynayıb. Düşünürəm ki, insan öz işini sevəndə həm yorulmur, həm də daim daha yaxşısını etməyə çalışır.
“NASA-da ölkəni və elmi mühitini layiqincə təmsil etmək məsuliyyətini daha dərindən hiss edir”
– Beynəlxalq “SCOSTEP Visiting Scholar” (SVS) proqramı çərçivəsində NASA-da elmi araşdırmalara cəlb olunmusunuz. Bu proqram nədir və sizə konkret olaraq hansı imkanları yaradıb?
– “SCOSTEP Visiting Scholar” proqramı Günəş-Yer əlaqələri, kosmik hava və Günəş fizikası sahəsində çalışan alimlər üçün nəzərdə tutulmuş beynəlxalq proqramdır. Bu proqram mənə NASA-nın “Goddard” Kosmik Uçuş Mərkəzində elmi fəaliyyət göstərmək, oradakı alimlərlə birbaşa əməkdaşlıq qurmaq və üzərində işlədiyim tədqiqat mövzusunu daha geniş elmi mühitdə inkişaf etdirmək imkanı yaradıb. Mənim üçün bu proqramın əsas üstünlüyü ondan ibarətdir ki, burada həm yeni elmi əlaqələr qurmaq, həm də tədqiqatlarımı daha yüksək səviyyədə davam etdirmək mümkündür.

– NASA-dakı elmi mühit nə ilə fərqlənir? Müxtəlif ölkələrdən olan alimlərlə əməkdaşlıq etdiyinizi söylədiniz. Azərbaycanlı alim kimi fərqli yanaşma hiss edirsinizmi?
– NASA-dakı elmi mühit çox dinamik, sistemli və yüksək peşəkarlıq üzərində qurulub. Burada müxtəlif ölkələrdən olan alimlər birgə işləyirlər və hər kəs öz təcrübəsi, biliyi ilə ümumi nəticəyə töhfə verir. Məni ən çox cəlb edən məqamlardan biri odur ki, burada elmi müzakirələr çox açıq və məhsuldar şəkildə aparılır, ideyanın keyfiyyətinə, həqiqətən, dəyər verilir. Azərbaycanlı alim kimi burada fərqli münasibətdən çox hörmət və maraq hiss etmişəm. Eyni zamanda, insan burada ölkəsini və elmi mühitini layiqincə təmsil etmək məsuliyyətini daha dərindən hiss edir.
“Əgər bu hadisə Yer istiqamətində baş verərsə, rabitə sistemlərinə, texnoloji infrastrukturlara, ekoloji və bioloji sistemlərə təsir göstərə bilər”
– Elmi fəaliyyətiniz barəsində də danışaq bir az..
– Elmi fəaliyyətimin əsas istiqamətlərindən biri Günəşdə baş verən proseslərin Yerə təsirini öyrənməkdir. Xüsusilə tac kütlə atılmaları üzərində işləyirəm. Sadə dillə desək, bu, Günəşdən böyük həcmdə plazmanın və maqnit sahəsinin kosmosa atılmasıdır. Əgər bu hadisə Yer istiqamətində baş verərsə, geomaqnit fırtınalarına səbəb ola bilər və bu da peyklərə, rabitə sistemlərinə, texnoloji infrastrukturlara, ekoloji və bioloji sistemlərə təsir göstərə bilər. Tədqiqatlarım bu hadisələrin xüsusiyyətlərini daha yaxşı öyrənmək və onların Yerə təsirini əvvəlcədən proqnozlaşdırmağa yönəlib.
– Son dövrlərdə NASA-nın Ay proqramları yenidən aktiv fazaya keçib. Bu prosesi yaxından müşahidə etmək imkanınız oldumu?
– Bəli, NASA mühitində olmaq belə böyük proqramları daha yaxından izləmək imkanı yaradır. Ay proqramlarının yenidən aktivləşməsi yalnız simvolik hadisə deyil, həm də kosmik tədqiqatların yeni mərhələsidir. Bu, uzaq kosmosda insan fəaliyyətinin genişlənməsi, yeni texnologiyaların sınaqdan keçirilməsi, radiasiya mühitinin, kosmik hava risklərinin və uzunmüddətli insanlı uçuşların daha yaxşı öyrənilməsi baxımından çox əhəmiyyətlidir. Bu proses gələcəkdə həm Ayda davamlı insan fəaliyyəti, həm də Marsa yönələcək missiyalar üçün mühüm təməl yaradacaq.
– N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasındakı fəaliyyətinizi də davam etdirirsiniz. Şamaxı Astrofizika Rəsədxanası bu gün dünya astronomiya xəritəsində hansı mövqedə dayanır?
– Bəli, əsas elmi fəaliyyətim N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə bağlıdır. Şamaxı Astrofizika Rəsədxanası regionun mühüm astronomiya mərkəzlərindən biridir və zəngin elmi ənənəyə malikdir. Burada illər ərzində müxtəlif istiqamətlər üzrə dəyərli elmi-tədqiqatlar aparılıb. Hesab edirəm ki, rəsədxananın həm elmi potensialı, həm də beynəlxalq əməkdaşlıq üçün imkanları kifayət qədər genişdir. Bu potensialın daha böyük miqyasda görünməsi üçün beynəlxalq layihələrdə iştirakın və ortaq elmi işlərin daha da artırılması vacibdir.
“Astronomiya sahəsində yeni nəslin yetişməsi üçün davamlı elmi məktəb formalaşdırmaq lazımdır”
– Ümumiyyətlə, Azərbaycanda astrofizika və astronomiya sahəsinin hazırkı inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?
– Azərbaycan astronomiya elminin tarixi, ənənəsi və formalaşmış elmi məktəbi var. Bu bizim mühüm üstünlüklərimizdən biridir. Ölkəmizdə bu sahəyə maraqlı gənclər, müəyyən elmi baza və təcrübə mövcuddur. Eyni zamanda müasir dövrdə astronomiyanın inkişafı üçün beynəlxalq əməkdaşlıq, müasir infrastruktur və yeni nəslin yetişdirilməsi xüsusi əhəmiyyət daşıyır. Qlobal səviyyədə daha görünən olmaq üçün beynəlxalq layihələrdə iştirakın, ortaq elmi nəşrlərin və gənc tədqiqatçıların xarici elmi mərkəzlərlə əməkdaşlığının daha da artırılması vacibdir. Bu sahədə davamlı inkişaf üçün həm insan resursuna, həm də elmi mühitin gücləndirilməsinə diqqət yetirilməlidir.

– Bəs bu sahədə əsas problemlər haradadır?
– Burada problemlər bir-biri ilə əlaqəlidir. Resurs məsələsi vacibdir, çünki astronomiya müasir cihazlar, proqram təminatı və məlumat bazalarına çıxış tələb edən sahədir. Kadr məsələsi də çox önəmlidir, çünki bu sahədə yeni nəslin yetişməsi üçün davamlı elmi məktəb formalaşdırmaq lazımdır. Təhsil sistemi ilə bağlı da müəyyən boşluqlar var, xüsusilə məktəb yaşlarından astronomiyaya marağın daha sistemli şəkildə dəstəklənməsi baxımından. Yəni bu sahədə problemlər kompleks xarakter daşıyır və onlara da kompleks yanaşmaq lazımdır.
“İndi həm məktəblilər, həm də valideynlər astronomiyaya daha ciddi yanaşırlar”
– Siz uzun illərdir ki, şagirdlərlə işləyir, mentorluq edirsiniz. Bu gün gənclərin astronomiyaya marağı hansı səviyyədədir?
– Müşahidəmə görə, son illərdə gənclərin astronomiyaya marağı nəzərəçarpacaq dərəcədə artıb. Bunu xüsusilə Azərbaycan Astronomiya Olimpiadasına olan maraqda aydın görürük. Əgər əvvəllər bu sahəyə maraq daha az idisə, indi həm məktəblilər, həm də valideynlər astronomiyaya daha ciddi yanaşırlar. Bu il olimpiadada rekord göstərici qeydə alındı: 2200 məktəbli qeydiyyatdan keçib. Bu rəqəmlər göstərir ki, astronomiya artıq gənclər arasında sadəcə maraqlı mövzu deyil, həm də ciddi inkişaf istiqaməti kimi qəbul olunur. Çox sevindirici haldır ki, Azərbaycan Astronomiya Olimpiadasında yüksək nəticə göstərmiş gənclərimiz sonradan dünyanın ən nüfuzlu universitetlərindən astronomiya, fizika və mühəndislik ixtisasları üzrə qəbul alıblar. Bu da onu göstərir ki, məktəb yaşlarında yaranan maraq və düzgün istiqamətləndirmə gələcəkdə çox ciddi akademik uğurlara yol aça bilir. Məncə, lazımi dəstək və imkanlar olduqda bu maraq gələcəkdə daha böyük elmi nəticələrə çevrilə bilər.
– Məktəblərimizdə bu sahəyə marağı artırmaq üçün nə etmək lazımdır?
– İlk növbədə qeyd etməliyəm ki, məktəblərdə astronomiya ayrıca fənn kimi tədris olunmur. Bununla belə, fizika, coğrafiya və təbiət elmləri daxilində kifayət qədər astronomiya mövzuları var və yaxşı olardı ki, bu mövzular daha da genişləndirilsin. Beynəlxalq təcrübə də göstərir ki, astronomiya ən yaxşı yalnız nəzəri şəkildə deyil, praktik və vizual mühitdə öyrədildikdə daha yaxşı mənimsənilir. Bu baxımdan ölkəmizdə mövcud olan mərkəzlərin imkanlarından daha səmərəli istifadə olunması çox faydalı olar. Bəzi dərslərin planetariumda təşkili, məktəblilər üçün xüsusi proqramların hazırlanması, rəsədxananın imkanlarından istifadə etməklə yay düşərgələrinin və müşahidə tədbirlərinin keçirilməsi astronomiyaya marağı daha da artıra bilər. Eyni zamanda məktəblərdə astronomiya dərnəklərinin yaradılması, teleskopla müşahidələrin təşkili, müəllim hazırlığının gücləndirilməsi və qəbul imtahanlarında astronomiyaya aid sualların yer alması bu sahəyə marağın artmasına ciddi təsir göstərə bilər. Məncə, burada vacib məsələlərdən biri də astronomiya olimpiadalarında uğur qazanan şagirdlərə verilən dəyərdir. Əgər Azərbaycan Astronomiya Olimpiadasında və Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında medal qazanan şagirdlərimiz bu nailiyyətləri ilə xarici nüfuzlu universitetlərə qəbul oluna bilirlərsə, niyə eyni yanaşma bizim universitetlərdə də tətbiq olunmasın? Belə uğurların ölkə daxilində də tanınması və ali təhsilə qəbul zamanı nəzərə alınması həm istedadlı gənclərin motivasiyasını artırar, həm də astronomiyaya marağın daha da güclənməsinə xidmət edər. Ən vacibi isə odur ki, uşaqlarda göy üzünə olan təbii maraq düzgün istiqamətləndirilsin və elmi marağa çevrilsin.
Bir məktəbli astronom olmaq istəyirsə…
– Əgər bir məktəbli bu gün sizə “astronom olmaq istəyirəm” desə, ona ilk məsləhətiniz nə olar?
– Ona, ilk növbədə, deyərdim ki, bu marağını qorusun və zəhmətdən çəkinməsin. Astronomiya çox gözəl sahədir, amma bu sahədə uğur qazanmaq üçün riyaziyyat, fizika və dil bilikləri çox vacibdir. Bundan əlavə, insan daim öyrənməyə açıq olmalıdır. Ən önəmlisi isə odur ki, böyük hədəflərdən qorxmasın. Bu gün bir məktəblinin astronomiyaya olan marağı gələcəkdə onu beynəlxalq elmi mühitə apara bilər.
– Son olaraq, növbəti böyük elmi hədəfinizi öyrənmək istərdim. Astrofizikada hansı istiqamətdə “iz qoymaq”, hansı problemi həll etmək istəyirsiniz?
– Əsas elmi hədəflərimdən biri Günəşdə baş verən hadisələrin, xüsusilə tac kütlə atılmalarının Yerə təsirini daha yaxşı öyrənmək və bu sahədə proqnozlaşdırma imkanlarını gücləndirməkdir. İstəyirəm ki, üzərində işlədiyim tədqiqatlar gələcəkdə kosmik hava sahəsində faydalı nəticələr versin. Eyni zamanda mənim üçün vacibdir ki, Azərbaycandan olan gənclər də görsünlər ki, bu sahədə beynəlxalq səviyyədə uğur qazanmaq mümkündür. Əgər həm elmdə dəyərli nəticə ortaya qoya, həm də yeni nəslin motivasiyasına töhfə verə biliriksə, bu mənim üçün ən böyük uğurlardan biri olar.





