IV Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

Fevralın 10-da ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında IV Azərbaycan Astronomiya Olimpiadasının ilk mərhələsi keçiriləcək.

Olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır.

Olimpiadanın təşkilatçıları Azərbaycan Respublikasının Təhsil İnstitutu, Bakı Dövlət Universiteti, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzidir. Olimpiadanın online mərhələsində uğur qazanan məktəblilər Bakı Dövlət Universitetində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar. Qaliblər medal və hədiyyələrlə mükafatlandırılacaq və bu il 15-25 avqust tarixlərində Braziliyada keçiriləcək XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar.

Olimpadaya hazırlıq dərsləri Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən, mərkəzdə təşkil olunacaq. Bundan əlavə “Həvəskar Astronomiya Cəmiyyəti” İB məktəblilərə teleskoplardan istifadə qaydaları ilə bağlı təlimlər təşkil edəcək.

Qaliblər Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan Respublikası Təhsil İnstitunun dəstəyi ilə iştirak edir.

IV Azərbaycan Astronomiya Olimpiadası və XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.        

Olimpiadada iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://www.oxuyan.az/@aao

Qeydiyyat fevralın 9-u saat 23:59-a qədər davam edəcək.

Olimpiada 10 Fevral 2024-cü ildə saat 11:00-da www.oxuyan.az onlayn imtahan platforması üzərindən aparılacaqdır.

Olimpiada