4.4 milyon qalaktikadan ibarət xəritə dərc edilib

Beynəlxalq Astronomlar Xəritəsi yeni səma xəritəsini dərc edib. O, Yerin şimal yarımkürəsində səmanın təxminən dörddə birini əhatə edən ərazidə yerləşən 4.4 milyon qalaktika haqqında məlumatları ehtiva edir.

Xəritənin yaradılması üçün tədqiqatçılar yeddi il ərzində qəbuledici stansiyaları Avropanın yeddi ölkəsində yerləşən LOFAR radioteleskopundan istifadə edərək müşahidə aparıblar. Yeddi il ərzində ümumilikdə 8 petabayt məlumat toplanıb. Toplanmış məlumatların sonrakı emalı üçün alimlər yüksək məhsuldarlığa malik kompüterlərdə ən müasir alqoritmlərdən istifadə ediblər.

Nəticədə astronomlar 4.4 milyon qalaktika haqqında məlumatların toplandığı radioşəkil yaratmağa nail olublar. Qalaktikaların bir milyondan çoxu əvvəllər məlum deyildi. Yeni xəritədə əks olunan qalaktikaların böyük əksəriyyəti Yerdən milyardlarla işıq ili məsafəsindədir və superkütləvi qara dəliklərə malikdirlər. Eyni zamanda həmin qalaktikalarda aktiv şəkildə yeni ulduzlar formalaşır. Şəkildə həmçinin toqquşan qalaktika klasterləri və bizim Süd Yolumuzda yerləşən partlayan ulduzlar da görsənir.

Tədqiqatçıların sözlərinə görə, gələcəkdə onlar LOFAR-dan istifadə etməklə şimal səmasının xəritələşdirilməsi prosesini davam etdirməyi planlaşdırırlar. Bu, qara dəliklərin necə təkamül etdiyi və qalaktika klasterlərinin toqquşmaları haqqında yeni biliklər verəcək, həmçinin Kainatdakı maqnit sahələrinin və yüksək enerjili hissəciklərin davranışı haqqında anlayışı təkmilləşdirəcək.

    Azərbaycanın həvəskar astronomlar cəmiyyətinin məqsədi bu sahədə elmi biliklərin artırılması, elmi-kütləvi tədbirlərin təşkili, maarifləndirmə və bu sahədəki elmi yeniliklərin geniş kütləyə çatdırılmasıdır

     

    TELEFON
    +994 (51) 510 02 34

    EMAIL
    info@astronomy.az