Optik teleskopların ölçüləri

Bu günkü mövzumuz optik teleskoplar barəsində olacaq, xüsusi ilə ən böyük və ən balaca teleskoplar. Ölçünün fərqi varmı ? 1609-cu ildə Qalileo Qaliley ilk teleskopu icad edəndə ölçü barədə fikirləşən yox idi, vacib olan uzaq obyektlərin teleskopla görəndən sonra astronomlar artıq təsvirin daha aydın və daha böyük olması məqsədini güdməyə başladılar. Qaliley icad etdiyi teleskop şüşə linzalar vasitəsi ilə düzəlmişdi, uzun fokuslu linza obyektin təsvirini müəyyən nöqtəyə yönəldəndən sonra qısa fokuslu linza ilə həmin təsviri böyüdüb müşahidə etmək olardı, yanı ümumiyyətlə teleskopun əsas iş prinsipi əlçatmaz uzaq obyektin təsvirini linza vasitəsi ilə bizə yaxın bir nöqtəyə toplamaq dı.

Daha dolğun təsvir və böyütmə imkanı verən teleskop düzəltmək üçün daha böyük və daha çox sayda şüşə linza düzəltmək lazım idi. Həcmi və sayı artan linzalar — şüşə kütləsinin və çəkisinin artması demək idi, üstəlik böyük linzaların fokus məsafəsi uzun olduğuna görə teleskopun konstruksiyası daha böyüyüb ağırlaşırdı.
1668-ci ildə ingilis alimi İsaak Nyuton teleskopun əsas elementi — linzanı şüşə güzgü ilə əvəz edir, linza təsviri öz daxilindən keçirib irəliyə yönəldən zaman güzgü fərqli olaraq təsviri sadəcə əks etdirib geriyə yönəldirdi, bu o deməkdir ki, güzgü linzadan daha nazik ola bilər. Bundan sonra alimlər artıq ölçülərin artması istiqamətində fikirləşməyə başladılar. 1609 –cu ildə teleskopun diametri 1.5 sm olduğu halda 1787-ci Vilyam Herşel adlı ingilis alimi 1.2 metr diametr olan teleskop düzəldir.

1917-ci ildə Con Huker adına olan teleskop 2.5 metr olan diametr ilə ilk pilləyə çıxır, bu teleskopla 20-ci əsrin əvvəllərində çox sayda kəşflər edilmişdi, xüsusi ilə Məşhur astronom Edvin Habl məhz bu teleskopda öz araşdırmalarını aparmışdı.

1948-ci ildə quraşdırılması amerikalı astronom Corc Heyl tərəfindən rəhbərlik olunan teleskopun diametri artıq 5 metri keçir, bundan sonra dünyanın müxtəlif yerlərində nəhəng teleskopların sayı artmağa başlayır.
1976 –cı ildə SSSR-də 6 metr diametrdə BTA teleskopu istifadəyə verilir.

1993-cü ildə isə Havai adasında tikintisi xeyriyyəçi Hovard Kek tərəfindən maliyyələşdirilən 10 metr diametri olan iki ədəd teleskop istifadəyə verilir, bu teleskopların əsas güzgüləri artıq yeni çox seqmentli texnologiya ilə hazırlanır.

2009-cu ildə isə Kanar adalarında “Böyük Kanar Teleskopu” 10.4 metr diametr ilə bu günə kimi yer üzündə insanın yaratdığı ən böyük teleskop sayılır. 20-ci əsrin axırı və 21-ci əsrin əvvəllərində düzəldilən nəhəng optik teleskoplar çox sayda texniki yenilik olan cihazlarla təchiz edilmişdi.

Əlbəttə daimi araşdırma ilə məşğul olan elm adamları bu nöqtədə dayanmağı fikirləşmirlər və 2017 –ci ildə diametri 39 metr olan teleskopun təməli qoyulur, “Çox Böyük” adlanan teleskopun tikintisinin başa çatması 2027-ci ilə planlaşdırılır.

Bəli, uzaq kainatın sirlərini öyrənmək üçün böyük teleskoplar lazımdı bəs teleskop həmişə böyük olur? – elmin elə sahələri var ki burada optik cihazların kiçik olması şərtdir, məsələn yer ətrafı orbitinə buraxılan mikro-peyklər, axır zaman bu sahə çox böyük sürətlə inkişaf edir, elektronika və texnikanın inkişafı peykin konstruksiyasını və idarə hissəsini çox kiçik etməyə imkan verir, bu o deməkdir ki bir raket ilə onlarla və yüzlərlə peyklər fəzaya buraxıla bilər, daha az yanacaq və maliyyə sərf edərək. Bu halda peykləri artıq kiçik şirkətlər və universitetlər sifariş edib yaxud öz imkanları hesabına hazırlaya bilərlər. Belə kiçik peyklərdə optik cihazların kiçik olması şərtdir, məhz belə sahədə mikro-teleskoplar işlənilir, belə teleskopların optik sistemi katadioptrik – yəni həm linzalı həm güzgülü olur, belə sistem uzun fokus məsafəsinə baxmayaraq kiçik formada hazırlana bilər, bundan əlavə belə mikro-teleskoplar monolitik texnologiya ilə hazırlanır, yani linza eyni zamanda həm linza həm güzgü rolunu oynayır və vahid hissədən ibarətdir. Silindr formasında olan şüşənin bir tərəfini sferik, parabolik və ya hiperbolik formada emal edirlər və güzgü qatını çəkirlər, əks tərəfini isə linza formasında emal edirlər ortasını isə ikinci güzgü edirlər, beləliklə vahid şüşə silindri katadioptrik teleskopa dönür.
