James Webb kosmik teleskopu cənubi amerikanın Fransız Qvianasındaki Kuru kosmodromuna ABŞ-dan gəmi ilə gətirilib. Teleskopun ümumi qiyməti 10 milyard dollardır, çəkisi 6.5 ton, əsas güzgünün diametri 6.5 metrdir. Teleskop əsasən infraqırmızı diapazonda müşahidə aparmaq üçün hazırlanıb. Məqsəd çox yaşlı göy cisimlərdən məlumat qəbul etməkdir və bunun üçün fəzada mövcud olan və cisimlərdən gələn şüaya mane olan toz və dumanlıqlara görə infraqırmızı diapazon seçilib. İnfraqırmızı şüa görünən işıqdan fərqli olaraq toz və dumanlıqları keçir, lakin onu qəbul etmək üçün xüsusi avadanlıq lazımdır. Məhz bu avadanlıqla təchiz edilmiş James Webb kosmik teleskopu bu ilin 18 dekabrında Arian 5 raketi ilə fəzaya buraxılacaq. Teleskop yerdən 1.5 milyon kilometr aralıqda fəaliyyət göstərəcək, məhz bunun üçün uzun illərdir ki hazırlıq aparılır, çünki yerdən 500 km aralıqda olan Hubble teleskopundan fərqli olaraq James Webb teleskopunda nasazlıq baş versə onu təmir etmək üçün şans qalmayacaq.