Kiçik asteroidlərin yaratdığı təhlükəni daha yaxşı öyrənmək üçün Avropa Kosmik Agentliyinin (AKA) “NELIOTA” (Near-Earth object Lunar Impacts and Optical TrAnsients) layihəsi 2017 ci ildən başlayaraq mütəmadi olaraq Aydakı “Ay alışma”larını izləyir. Layihə çərçivəsində aparılan müşahidələrin köməyi ilə asteroidlərin Ayla toqquşmalarını qeydə alınır və bu yaxınlarda 100-cü belə toqquşma eyni zamanda ikinci bir teleskopla da müşahidə olunub.
Planetimiz də daim təbii kosmik tullantılarla bombalanır. Bu tullantılar kometlərin və asteroidlərin parçaları hesab olunan meteoroidlərdir. Onların əksəriyyəti Yer atmosferinə daxil olaraq səthə çatmadan yanaraq yox olur, lakin ölçüləri bir neçə metrdən böyük olanlar planetimiz üçün təhlükəli hesab olunur. Təəssüf ki, onların sayı dəqiq məlum deyil. Digər tərəfdən bu göy cisimləri ölçülərinə görə kiçik olduqları üçün teleskoplarla müşahidəsində çətinlik mövcuddur, həmçinin gözlənilməz olduqları üçün meteor alışmalarını qeydə alan kameralara da yaxalanması nadir hallarda mümkün olur. Buna görə də bu səma cisimlərinin Yer üçün yarada biləcəyi təhlükəni qiymətləndirmək üçün Ay müşahidə olunur.
Bildiyimiz kimi Ayın atmosferi demək olar ki, yoxdur, yəni ümumi kütləsi 10 tondan azdır. Buna görə də hətta kiçik asteroidlərin zərbələri zamanı Ayın səthində böyük izlər qalır. Meteoroidlərin və ya kiçik asteroidlərin Ayın səthinə yüksək sürətlə düşməsi nəticəsində Yerdən yaxşı görünən parlaq işıq meydana gəlir. Alimlər “ay alışmaları” adlanan belə parlaqlıqları öyrənməklə həmin səma cisminin ölçüsünü və kütləsini, eyni zamanda oxşar hadisələrin Yerdə baş vermə ehtimalını qiymətləndirə bilirlər. “Ay alışmaları”nın Yerdəki teleskoplardan müşahidə olunması üçün Ayla toqquşan səma cisminin kütləsinin 100 qramdan, ölçüsünün isə 5 sm-dən kiçik olması kifayətdir.
“NELIOTA” layihəsi çərçivəsində müşahidələr “Ay alışmaları”nın öyrənilməsini asanlaşdırmaq üçün təbii peykimizin Yerdən görünməyən qaranlıq tərəfində aparılır. Yunanıstanın Afina Milli Rəsədxanasının layihəsi olan “NELIOTA” layihəsi AKA tərəfindən maliyyələşdirilir. Araşdırmalarda 1.2 metrlik teleskopdan və “Ay alışmaları”nın işığını iki rəngə bölən cüt kameralı sistemdən istifadə edilir. Layihə başladığı gündən etibarən 149 saatlıq monitorinqi dövründə 102 belə toqquşma qeydə alıb.
“NELIOTA” layihəsi ilə yanaşı digər rəsədxanalarda da “Ay alışma”ları müşahidə olunur. Layihə çərçivəsində müşahidə olunan 100-cü “Ay alışma”sı, 1 Mart 2020-ci il tarixində Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Astronomiya, Kosmos Elmləri və Texnologiyaları Akademiyasının Şarjah Ay Rəsədxanasında da 35 santimetrlik teleskopdan istifadə olunmaqla qeydə alınıb.

Şəkil 1. “NELIOTA” layihəsi tərəfindən 27 mart 2020-ci ilədək (sarı rəngdə) müşahidə edilən 102 təsdiqlənmiş “alışmaların” yerləri. Qırmızı dairədəki “alışma”, BƏƏ-nin Astronomiya, Kosmos Elmləri və Texnologiya üzrə Sharjah Akademiyasının komandası tərəfindən də aşkar edilmişdir. Şəkilin yuxarı hissə Ayın şimal qütbüdür.
Şəkil 2. Kryoneri Rəsədxanası, Yunanıstan.

Şəkil 3. Sol: “NELIOTA” layihəsi tərəfindən 1 Mart 2020-ci il tarixində ümümdünya vaxti ilə saat 16: 54: 24.09 –da aşkarlanan 100-cü hadisəni (qırmızı ox) göstərən görüntü. Sağda: Sharjah Ay Rəsədxanasında eyni hadisəni göstərən qırmızı ox. Hər iki şəkildəki nömrəli sahələr müqayisə üçün istifadə olunan ay cəhətlərini göstərir. Şəkilin sağ tərəfi Ayın şimal qütbüdür.